...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi maarifləndirici tədbirlər keçirib

06.04.2024

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə aprel ayının ilk həftəsində Naxçıvan şəhərinin 5, 7 və 12 nömrəli tam orta məktəblərində “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Görüş zamanı tədbir iştirakçılarına bildirilib ki, əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədilə vətəndaşların icbari tibbi sığorta ilə maariflənməsinə ehtiyac vardır.

 Respublikamızın sosial-iqtisadi inkişafı bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunmuşdur ki, icbari tibbi sığorta sisteminin tətbiqini vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar. Bu sistem sığorta hadisəsi zamanı vətəndaşın “Xidmətlər Zərfi” çərçivəsində tibbi yardım almasını təmin edir. “Xidmətlər Zərfi” çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir. Vətəndaş tibbi xidmətə ehtiyacı yarandığı təqdirdə Agentliyin müqavilə bağladığı istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər. Bu gün muxtar respublikada da icbari tibbi sığorta mexanizmləri formalaşdırılır, tibb sahəsi üzrə kadr potensialı artırılır, tibb müəssisələrinin maddi texniki bazası möhkəmləndirilir.

Agentliyin əməkdaşı Gülxatın Zeynalova təqdimat üzərində çıxış edərək sığortaolunanların hara müraciət etmələri, ailə həkimi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə təminat, ambulator müalicələr üçün qəbul qaydaları, stasionar müalicə üçün göndəriş qaydaları  və s. barədə ətraflı məlumat verib. Tədbirlər diskussiya ətrafında keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.