...

İcbari tibbi sığortanın maarifləndirici tədbirləri davam edir

19.04.2024

      2024-cü il 18 aprel tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 2 nömrəli tam orta  məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. 

     Tədbirdə Agentliyin şöbə müdiri İsmayıl Səfərov çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycanda səhiyyənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi, diqqəti və dəstəyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə əsasən səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində olmuşdur. Səhiyyə islahatları çərçivəsində əsas istiqamətlərdən biri də sığorta sisteminin tətbiqidir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 7 aprel tarixli fərmanı ilə fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi muxtar respublikada icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik muxtar respublikada fəaliyyət göstərən 22 dövlət tibb müəssisəsi ilə imzalanmış müqavilə əsasında icbari tibbi sığortanın “Xidmətlər Zərfi” çərçivəsində 3315 tibbi xidmətlə vətəndaşlara xidmət göstərir. 

    Daha sonra Agentliyin əməkdaşı Gülxatun Zeynalova tədbir iştirakçılarına sığortaolunanların hara müraciət etmələri, ailə həkimi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə təminat, ambulator müalicələr üçün qəbul qaydaları, stasionar müalicə üçün göndəriş qaydaları  və s. barədə ətraflı məlumat verib. Çıxışlardan sonra qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.