Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev İcbari tibbi sığortanın banisidir" mövzusunda tədbir keçirilib.
Tədbir 4 may tarixində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüqusi şəxsi və Naxçıvan Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə keçirilib. Kollecin direktoru Asəf Ruşanov çıxışında bildirib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində aparılan uğurlu islahatların davamı kimi səhiyyənin inkişafına öz töhfəsini verməkdədir. Agentliyin direktoru Elnur İbrahimov çıxışında bildirib ki, Azərbaycan Respublikasında sosial iqtisadi və siyasi istiqamətlər üzrə fəaliyyətlərin, inkişafın hər biri Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. "Əhalinin sağlamlığının qorunması haqqında" "Tibbi sığorta haqqında" və "Özəl tibb fəaliyyəti haqqında" qanunların qəbulu məhz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Tibbi sığorta haqqında qanun ilk dəfə 28 oktyabr 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanmışdır. Heydər Əliyevin siyasi xəttinin davamçısı, cənab Prezidentin fəaliyyətlərinin nəticəsidir ki, bu gün icbari tibbi sığorta muxtar respublikanın bütün ərazisini əhatə edir. Hazırda agentlik muxtar respublikada 21 tibb müəssisəsi ilə müqavilə bağlanmış və vətəndaşlar həmin tibb müəssisələrində xidmətlər zərfi ilə müəyyən olunan 2550 tibbi xidmətdən ödənişsiz istifadə etmək hüququna sahibdirlər.