2024-cü il 22 iyul tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentidə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüş zamanı tədbir iştirakçılarına bildirilib ki, əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədilə vətəndaşların icbari tibbi sığorta ilə maariflənməsinə ehtiyac vardır. Qeyd olunmuşdur ki, icbari tibbi sığorta sisteminin tətbiqini vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar. Bu gün muxtar respublikada da icbari tibbi sığorta mexanizmləri formalaşdırılır, tibb sahəsi üzrə kadr potensialı artırılır, tibb müəssisələrinin maddi texniki bazası möhkəmləndirilir. Vətəndaş tibbi xidmətə ehtiyacı yarandığı təqdirdə Agentliyin müqavilə bağladığı istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər.
Agentliyin əməkdaşı Gülxatın Zeynalova təqdimat üzərində çıxış edərək sığortaolunanların hara müraciət etmələri, ailə həkimi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə təminat, ambulator müalicələr üçün qəbul qaydaları, stasionar müalicə üçün göndəriş qaydaları və s. barədə ətraflı məlumat verib. Tədbir diskussiya ətrafında keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.