2024-cü il 26 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə bildirilib ki, keçirilən tədbirlərin əsas məqsədi icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi üzrə işlərin aparılmasıdır. Aparılan maarifləndirmə tədbirləri çərçivəsində icbari tibbi sığortanın təminata aldığı tibbi xidmətlərdən istifadə qaydası, Xidmətlər Zərfi, dövlət tibb müəssisələrində sığortadan yararlanmaq, göndərişlərin verilməsi qaydası və digər bu kimi mövzular barədə vətəndaşlar məlumatlandırılır.
Qeyd olunmuşdur ki, Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərə əlçatanlığın, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir.
Agentliyin əməkdaşı Gülxatun Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.