24 dekabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Dövlət Vergi Xidmətinin əməkdaşı açaraq, keçirilən tədbirin mahiyyətindən və əhəmiyyətindən bəhs edib.
Görüş zamanı tədbir iştirakçılarına bildirilib ki, əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədilə vətəndaşların icbari tibbi sığorta ilə maariflənməsinə ehtiyac vardır. Qeyd olunmuşdur ki, icbari tibbi sığorta sisteminin tətbiqini vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar. Bu gün muxtar respublikada da icbari tibbi sığorta mexanizmləri formalaşdırılır, tibb sahəsi üzrə kadr potensialı artırılır, tibb müəssisələrinin maddi texniki bazası möhkəmləndirilir. Vətəndaş tibbi xidmətə ehtiyacı yarandığı təqdirdə Agentliyin müqavilə bağladığı istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər.
Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.