Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində maarifləndirici tədbir keçirilib.
8 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüş zamanı Agentliyin əməkdaşı Zərifə Sadıxova çıxış edərək tədbir iştirakçılarına bildirib ki, əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədilə vətəndaşların icbari tibbi sığorta ilə maariflənməsinə ehtiyac vardır. Qeyd olunmuşdur ki, icbari tibbi sığorta sisteminin tətbiqini vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar.
Daha sonra agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
