2026-cı il 19 fevral tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Babək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Babək şəhər 1 nömrəli tam orta məktəbində “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Görüş zamanı Agentliyin əməkdaşı Gülxatun Zeynalova çıxış edərək tədbir iştirakçılarına bildirib ki, əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədilə vətəndaşların icbari tibbi sığorta ilə maariflənməsinə ehtiyac vardır.
Qeyd olunmuşdur ki, Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərə əlçatanlığın, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir.
Daha sonra tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat verilmişdir.
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
