Karpal Tunel Sindromu (KTS) – orta (median) sinirin karpal kanal (bilək kanalı) daxilində sıxılması nəticəsində yaranan nevroloji pozuntudur. Karpal kanal əlin ovuc hissəsində yerləşən, sümüklər və bağlarla əhatə olunmuş dar anatomik boşluqdur. Bu sindrom gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir və müalicə olunmadıqda oynaqda kontrakturaya (hərəkət məhdudiyyəti) səbəb ola bilər.
KTS-nin diaqnozu pasiyentin şikayətləri və klinik qiymətləndirmə əsasında aparılır. İcbari tibbi sığorta çərçivəsində aşağıdakı diaqnostik üsullardan istifadə olunur:
* Elektromioqrafiya (EMQ) – əzələlərin bioelektrik fəaliyyətinin qiymətləndirilməsi
* Elektroneyroqrafiya (ENG) – sinir impulslarının ötürülmə sürətinin ölçülməsi
* Ultrasəs müayinə (USM) – median sinirin vizualizasiyası
* Kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) – zəruri hallarda əlavə müayinə üsulu kimi tətbiq olunur
Müalicə taktikasının əsas məqsədi karpal kanalın daralmasına səbəb olan amillərin aradan qaldırılmasıdır. Bu məqsədlə konservativ və cərrahi üsullardan istifadə edilir. Konservativ müalicəyə əlin immobilizasiyası, iltihab və ödemin aradan qaldırılması, həmçinin metabolik və endokrin pozğunluqların korreksiyası daxildir. Erkən mərhələdə müalicəyə başlanıldıqda yaxşı nəticələr əldə olunur.
Konservativ müalicə effekt vermədikdə və ya xəstə gec müraciət etdikdə cərrahi müdaxilə tələb oluna bilər. Bu zaman açıq və ya endoskopik üsulla bilək kanalının genişləndirilməsi və median sinirin sıxılmasının aradan qaldırılması həyata keçirilir.
Karpal Tunel Sindromunun müayinə və müalicəsi icbari tibbi sığorta təminatına daxildir. Vətəndaşlar müvafiq tibbi xidmətlərdən dövlət tibb müəssisələrində yararlana bilərlər.
KTS aşağıdakı simptomlarla özünü göstərir:
* Barmaqlarda keyimə və iynəbatırma hissi
* Əldə zəiflik və əşyaları saxlamaqda çətinlik
* Simptomların gecələr və uzun müddət eyni vəziyyətdə qaldıqda güclənməsi
* Bəzi hallarda ağrının qola və çiyinə yayılması
Risk faktorlarına ağır fiziki əmək, uzunmüddətli kompüter istifadəsi, əlin eyni vəziyyətdə saxlanılması və vibrasiyaya məruz qalma daxildir. Həmçinin hamiləlik, piylənmə, şəkərli diabet və digər xroniki xəstəliklər də bu sindromun yaranma ehtimalını artırır.
Mütəxəssislər erkən diaqnostika və vaxtında müalicənin vacibliyini vurğulayırlar.