Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçılarına məlumat verilmişdir ki, muxtar respublikanın səhiyyə müəssisələrində “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılmış və icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrinin Agentlik və Səhiyyə Nazirliyi ilə qarşılıqlı informasiya mübadiləsi təmin edilmişdir. Sistemlə işləyən tibb işçiləri tərəfindən Agentliyə təqdim olunan hazır hesabatlarda olan nöqsanlardan ətraflı söhbət açılmış və buraxılmış nöqsan və səhvliklərin qısa müddətdə aradan qaldırılması bildirilmişdir. Qeyd olunmuşdur ki, bu kimi tədbirlərin əvvəllər də bu formatda keçirilməsinə baxmayaraq hələdə bir sıra çatışmamazlıqlar qalmaqda davam edir. Vurğulanmışdır ki, bu kimi nöqsanlar iş yükünü artırmaqla bərabər bir sıra problemlərə də yol açmışdır. Proqramın yenilənməsindən sonra və tam mərkəzləşdirilmiş qaydada işlənilməsi hesabatlarda şəffaflıq yaradılmasına gətirib çıxaracaqdır. Xüsusilə qeyd olunmuşdur ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyələşmə mexanizminin yaradılmasından ibarətdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları həkimlərin hesabatlarında olan nöqsanları əyani şəkildə ekranda göstərərək, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini tibb işçilərinin nəzərinə çatdırmışdır. Tədbir diskussiya ətrafında davam etdirilmiş və həkimlərin sualları cavablandırılmışdır. Xatırladırıq ki, Agentliyin əməkdaşlarının Naxçıvan Perinatal Mərkəzdə tibb işçiləri ilə görüşünün bir neçə gün davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbirlər Agentliklə müqaviləsi olan digər dövlət tibb müəssisələrində də davam etdiriləcəkdir.
|
|