Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov və Agentliyin əməkdaşları çıxış etmiş və tədbirin keçirilməsinin zəruriliyi və məqsədlərindən danışılmışdır. Tədbir iştirakçılarına məlumat verilmişdir ki, icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində “Səhiyyə informasiya idarəetmə sistemi” qurulmuş və sığortaolunanlara göstərilən tibbi xidmətlərə dair hesabatlılıq proqram təminatı üzərində aparılmaqdadır. Bu sistemin təkmilləşdirilərək tam mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, sistemdə olan boşluqlar, yaranmış bir sıra nöqsanlar, yeni modulların yaradılması və bir sıra dəyişikliklərin edilməsi geniş müzakirə edilmişdir. Xüsusilə qeyd olunmuşdur ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyələşmə mexanizminin yaradılmasından ibarətdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları həkimlərin hesabatlarında olan nöqsanları əyani şəkildə ekranda göstərərək, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini həkimlərin nəzərinə çatdırmışdır. Tibbi ekspertiza qaydaları qanunvericiliyə uyğun olaraq təqdimat şəklində tədbir iştirakçılarına izah edilmişdir. Tədbir diskussiya ətrafında davam etdirilmiş və həkimlərin sualları cavablandırılmışdır. Tədbir növbəti günlərdə təlim formasında təqdimatla və əyani olaraq davam etdiriləcəkdir.
Qeyd edək ki, hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbirlər Agentliklə müqaviləsi olan digər dövlət tibb müəssisələrində də davam etdiriləcəkdir.