...

Hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı geniş tədbir keçirilmişdir

01.08.2023

         Naxçıvan Muxtar Respublika Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov və “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Fehruz Zehirov çıxış etmiş və tədbirin keçirilməsinin əhəmiyyətindən və məqsədlərindən danışılmışdır. Tədbir iştirakçılarına məlumat verilmişdir ki, icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində “Səhiyyə informasiya idarəetmə sistemi” qurulmuş və sığortaolunanlara göstərilən  tibbi xidmətlərə dair hesabatlılıq proqram təminatı üzərində aparılmaqdadır. Bu sistemin təkmilləşdirilərək tam mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, sistemdə olan boşluqlar, yaranmış bir sıra nöqsanlar, yeni modulların yaradılması və bir sıra dəyişikliklərin edilməsi geniş müzakirə edilmişdir.

        Səhiyyə sahəsində həyata keçirilən səhiyyənin inkişafına yönəlmiş tədbirlər tibb xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, eyni zamanda vətəndaşların tibbi xidmətlərə əlçatanlığına hesablanmış qərarlardır. Agentliyin tibb müəssisələrində sığortaolunanlara göstərilən tibbi xidmətlərə dair hesabatların formalaşması istiqamətində keçirdiyi təlimlər, tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərdə hesabat üzrə tibb müəssisələrinə ödənilən vəsaitlərin, həm də həkimlərin göstərdikləri xidmətlərin dəyəri üzrə onlara veriləcək əlavə vəsaitlərin ödənilməsində itkilərin qarşısını alacaqdır.

     İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları hesabatlarda olan səhvlikləri ekranda göstərərək, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini onların nəzərinə çatdırmışdır. Xüsusilə qeyd olunmuşdur ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyələşmə mexanizminin yaradılmasından ibarətdir.

       Yekun olaraq hesabatın formalaşması həkimlərin sosial müdafiəsinin daha da yaxşılaşmasına, eyni zamanda öz işlərinə daha həvəslə yanaşmalarına, həmçinin tibbi xidmətlərin kefiyyətinin artmasına xüsusi təkan verəcəkdir.

        Tədbir diskussiya ətrafında davam etdirilmiş və həkimlərin sualları cavablandırılmışdır.