...

Hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbirlər davam etdirilir

24.08.2023

      Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı  tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov, Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov və Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikasının baş həkimi Ləman İbrahimova çıxış etmiş, tədbirin keçirilməsinin əhəmiyyətindən və başlıca məqsədlərindən danışılmışdır. Xüsusilə qeyd olunmuşdur ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyə mexanizminin yaradılmasından ibarətdir.  

     İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Səhiyyə və tibbi statistika şöbəsi”nin müdiri Aysel Mikayılova və həmin şöbənin “Ekspertiza” sektorunun baş məsləhətçi-iqtisadi eksperti Qadir Rəfiyev poliklinika tərəfindən 2023-cü ilin yarımili ərzində göndərilən hesabatlarda Agentlik tərəfindən sığorta ödənişindən imtina və ya sığorta ödənişinin qismən verilməsinin səbəblərini, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini tibb işçilərinin nəzərinə çatdırmışdır. Tədbir diskussiya ətrafında davam etdirilmiş və Agentliyin əməkdaşları həkimlərə qaranlıq qalan məqamlara aydınlıq gətirmişdir.

      Qeyd edək ki, növbəti günlərdə tibb işçilərinin tam məlumatlanması və hesabatlarda olan nöqsanların tamamilə aradan qaldırılması üçün Agentliyin əməkdaşları tərəfindən fərdi qaydada təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.