...

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

28.08.2023

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
Səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.
Sonra qonaqlar Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə Səhiyyə Nazirliyinin əməkdaşları arasında işgüzar görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov və səhiyyə nazirliyinin əməkdaşları iştirak ediblər. Görüşdə nümayəndə heyətinə muxtar respublikasının səhiyyə sistemində son aylarda həyata keçirilmiş dünya təcrübəsinə əsaslanan köklü islahatlar, tibbi xidmətin keyfiyyətinin artırılmasına yönələn və müasir yanaşma ilə görülən işlər, həmçinin yaxın günlərdə reallaşdırılacaq layihələrlə barədə ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 3 gün davam edəcək səfər çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti Naxçıvan şəhəri ilə yanaşı, Ordubad və Şərur rayonlarında da olacaq, rayonlarda yeni yaradılan Ailə Sağlamlıq Mərkəzləri ilə tanış olacaqlar. Həmçinin səfər proqramında heyətin Naxçıvanın tarixi-memarlıq abidələrini ziyarəti də nəzərdə tutulub.