Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov və Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin direktor əvəzi Elçin Rəfiyev çıxış etmiş və tədbirin keçirilməsinin əhəmiyyətindən və məqsədlərindən danışılmışdır.
Tədbir iştirakçılarına məlumat verilmişdir ki, icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində “Səhiyyə informasiya idarəetmə sistemi”nin təkmilləşdirilərək tam mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, sistemdə olan boşluqlar, yaranmış bir sıra nöqsanlar, yeni modulların yaradılması və bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Xüsusilə qeyd olunmuşdur ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyələşmə mexanizminin yaradılmasından ibarətdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Səhiyyə və tibbi statistika şöbəsi”nin müdiri Aysel Mikayılova və həmin şöbənin “Ekspertiza” sektorunun baş məsləhətçi-iqtisadi eksperti Qadir Rəfiyev Yoluxucu Xəstəliklər Mərkəzi tərəfindən 2023-cü ilin may-iyul ayları ərzində göndərilən hesabatlarda Agentlik tərəfindən sığorta ödənişindən imtina və ya sığorta ödənişinin qismən verilməsinin səbəblərini, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini tibb işçilərinin nəzərinə çatdırmışdır.
Yekun olaraq hesabatın tam olaraq formalaşması həkimlərin sosial müdafiəsinin daha da yaxşılaşmasına, eyni zamanda öz işlərinə daha həvəslə yanaşmalarına, həmçinin tibbi xidmətlərin kefiyyətinin artmasına xüsusi təkan verəcəkdir.
Tədbir diskussiya ətrafında davam etdirilmiş və həkimlərin sualları cavablandırılmışdır.
Qeyd edək ki, növbəti günlərdə tibb işçilərinin tam məlumatlanması və hesabatlarda olan nöqsanların tamamilə aradan qaldırılması üçün Agentliyin əməkdaşları tərəfindən fərdi qaydada təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbirlər Agentliklə müqaviləsi olan digər dövlət tibb müəssisələrində də davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin mətbuat xidməti