...

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev – icbari tibbi sığortanın banisidir” mövzusunda tədbir keçirilib

20.09.2023

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev İcbari tibbi sığortanın banisidir" mövzusunda tədbir keçirilib.

Tədbiri universitetin Elm və innovasiyalar üzrə prorektoru Elsəvər Əsədov açmış və icbari tibbi sığortanın əhəmiyyətini qeyd etmişdir. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov çıxış edərək bildirmişdi ki, bugün səhiyyə sahəsinin yüksək inkişaf səviyyəsinə çatması, tibb sahəsi üzrə qanunvericilik bazasının formalaşması, tibb ocaqlarının müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunması, tibb müəssisələrində beynəlxalq standartlara əsaslanan müalicə və müayinə metodlarının tətbiqi, həmçinin icbari tibbi sığortanın Azərbaycan Respublikasının bütün ərazisində uğurla tətbiq olunması məhz xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Bir çox digər sahələrlə yanaşı icbari tibbi sığortanın da banisi məhz Ümumilli Lider Heydər Əliyevdir.

İlk dəfə “Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu” 28 oktyabr 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanmışdır. Həmçinin “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” qanunların qəbulu məhz Heydər Əliyevin hakimiyyəti dövründə onun tərəfindən imzalanmışdır.

Ümummilli Lider Heydər Əliyev demişdi: Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımı tədbirlər görüləcəkdir.

Heydər Əliyevin uzaqgörən siyasəti və uzun müddətli planlarının nəticəsidir ki, bu gün Ümummilli Liderin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi və böyük idarəçilik qabiliyyəti ilə respublikanın bütün ərazisində icbari tibbi sığorta uğurla tətbiq edilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 7 aprel 2016-cı ildə yaradılmışdır. İlkin olaraq pilot layihə kimi Sədərək rayonunu, daha sonra isə muxtar respublikanın digər rayonlarını da əhatə etmişdir. Artıq muxtar respublikanın bütün ərazisində icbari tibbi sığorta tətbiq edilir və vətəndaşlarımız yalnız şəxsiyyət vəsiqəsi ilə sığorta hadisəsi baş verdiyi zaman “Xidmətlər Zərfi” çərçivəsində istədiyi dövlət tibb müəssəsinə müraciət edərək tibbi xidmətlərdən ödənişsiz yararlana bilər. Naxçıvan Muxtar Respublikasında hazırda icbari tibbi sığorta mexanizmlərinin formalaşdırılması, tibb sahəsi üzrə kadr potensialının artırılması, tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, əhalinin tibbi xidmətlərə bərabər şərtlərlə əlçatanlığının artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra işlər həyata keçirilməkdədir.

Sonda Elnur İbrahimov 2023 Enactus Azərbaycan Milli Yarışının qalibi Naxçıvan Dövlət Universitetinin “ENACTUS” komandasını təbrik edərək onlara uğurlar arzulayıb.

Daha sonra tədbir iştirakçılarına Agentliyin əməkdaşları tərəfindən icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat verilmiş və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Sonda Ulu Öndər haqqında qısa filmin nümayişi olub. 

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta

üzrə Dövlət Agentliyinin mətbuat xidməti