...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilib.

29.09.2023

Sentyabrın 28-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilib. Tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və komitənin bir neçə üzvü, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və müavinləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini Samiq Sadıxov, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və aidiyyəti dövlət qurumlarının, tibb və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələri iştirak ediblər.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Xidmətlər Zərfinin təkmilləşməsi, aparılan dəyişikliyin əhali və həkimlər üçün faydalarından danışıb. Çıxışı zamanı Zaur Əliyev ölkə rəhbərliyinin səhiyyə sahəsinə dəstəyini də vurğulayıb. Xidmətlər Zərfinin təkmilləşdirilməsində Agentliyə dəstək göstərən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Milli Məclisə öz təşəkkürünü bildirib.
 
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sağlamlığına ən yüksək səviyyədə verilən diqqətin təzahürüdür. Tibbi sığorta sisteminin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası arasında fəal əməkdaşlıq aparılır və bu sahədə ilkin ümidverici nəticələr əldə olunub", deyə Teymur Musayev fikrini tamamlayıb.
 
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığortanın tətbiqinin səhiyyə tarixində önəmli islahat olduğunu vurğulayıb: “Sevindirici haldır ki, icbari tibbi sığorta bütün ölkədə tətbiq olunur və artıq vətəndaşlarımız tibbi xidmətlərdən rahat şəkildə istifadə edirlər. Əlbəttə ki, görüləsi işlər çoxdur. Hazırda Xidmətlər Zərfinin əhatə dairəsinin genişlənməsi qürurvericidir. Bu gün orqan transplantasiyası sahəsində ölkəmizdə səhiyyə sistemində böyük işlər aparılmalıdır. Təqdirəlayiqdir ki, bu gün orqan transplantasiyasının icbari tibbi sığortanın təminatına daxil edilməsi ilk addımdır və görülən tədbirlərə əsas töhfədir”.
 
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, Xidmətlər Zərfinə əlavə edilən yeni xidmətlər əvvəllər Xidmətlər Zərfinə daxil olmayan müayinə, müalicə və əməliyyatların sayının artmasına, insanların tibbi xidmətlərə əlçatanlığının daha geniş spektrdə olmasına imkan yaradır: “Bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi sərfiyyatın fasiləsiz olması üçün intensiv tədbirlər görülür, xəstəxana idarəetmə sistemini daha mükəmməl etmək üçün çalışırıq. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını daha çox artıracaq”. O bildirib ki, tibb müəssisələrinin əməkdaşlarına Xidmətlər Zərfinə edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədar olaraq yeni qaydaların izah olunması və öyrədilməsi məqsədilə təlimlərin müntəzəm olaraq keçirilməsi planlaşdırılmışdır.
 
Daha sonra Agentliyin nümayəndələri Nicat Şirinov, Şamxal Cəmilzadə və Anar Rəhimov təqdimatla çıxış ediblər. Onlar iştirakçıları Xidmətlər Zərfinə yeni əlavə edilən tibbi xidmətlər, tarif dəyişikliyi, tibb müəssisələrinin maddi texniki-bazasının gücləndirilməsi mövzularında məlumatlandırıblar.
 
Sonda media nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.