...

"Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda konfrans keçirilib.

29.09.2023

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Naxçıvan Baş Gömrük İdarəsinin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvanda "Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransda millət vəkilləri Musa Quliyev, Hicran Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Türkiyə Respublikasının tanınmış mütəxəssisləri, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak edib.
Tədbir iştirakçıları əvvəl Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Heydər Əliyev Muzeyi ziyarət edilib və iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyev mürəkkəb geosiyasi şəraitdə, siyasi formasiyaların dəyişdiyi bir mərhələdə xilaskarlıq missiyasını öz üzərinə götürərək ölkəmizin müstəqilliyini təmin etdi və onu beynəlxalq birliyin etibarlı üzvlərindən birinə çevirdi. Qeyd olunub ki, gömrük orqanları dahi rəhbərin 100 illiyi münasibətilə bir sıra sosial, mədəni kütləvi tədbirlər keçirir və Naxçıvanda baş tutan bu elmi konfrans da tibb sahəsində faydalı müzakirələrin, fikir mübadiləsinin aparılmasına şərait yaradacaq.
Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, millət vəkilləri Musa Quliyev, Hicran Hüseynova, Rəşad Mahmudov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və digərləri Ümummili Lider Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısındakı müstəsna xidmətlərindən, tibb sahəsinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edib, həmçinin konfransın əhəmiyyətini xüsusi vurğulayıblar.
Konfransda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı videoçarx nümayiş etdirilib.
Radioloq, ürək-damar cərrahı, kardioloq, nefroloq, fizioterapevt, ümumi cərrah, onkoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulan konfrans sonra panel müzakirələri ilə davam etdirilib, kardiologiya və kardiovaskulyar cərrahiyyədə müasir trendlər, o cümlədən mövzu ilə bağlı yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar nümayiş olunub və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.