2023-cü il 16 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova giriş sözü ilə açaraq, keçirilən tədbirin mahiyyətindən və əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov icbari tibbi sığortanın, qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlardan, tibbi siğortanın formalarından və icbari tibbi sığortanın əsas prinsiplərindən danışıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Təranə Abbasova təqdimat üzərində çıxış edərək bildirib ki, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığorta olunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. T.Abbasova tibbi sığortadan kimlərin istifadə edə biləcəyi, Agentliyin fəaliyyətinin məqsədləri, onun haqları, “Xidmətlər Zərfi”, xidmətlər zərfində dərman təminatı, arayışlar, xidmətlər zərfində hansı tibbi xidmətlərdən istifadə oluna biləcəyi, tibbi xidmət almaq üçün hara müraciət edilməsi, ailə həkimi, ambulator və stasionar müayinə üçün qəbil qaydaları və gözləmə müddətinin tətbiqi şərtləri haqqında ətraflı məlumat verib.
Sonra Ulu Öndər Heydər Əliyev haqqında və icbari tibbi sığorta haqqında videoçarx nümayiş olunub.
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.