7 noyabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan Agentliyin İdarə Heyətinin sədri Elnur İbrahimov kollektivi 8 noyabr Zəfər Günü münasibətilə təbrik edərək bildirmişdir ki, “Bu günlərdə bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu əlamətdar günü- Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılmış “Zəfər Günü”nü böyük təntənə ilə, coşqu ilə qeyd edir. Noyabr ayı Azərbaycan xalqının tarixində artıq Zəfər ayı kimi qalacaqdır. 2020-ci ilin 27 sentyabr tarixində başlanan ikinci Qarabağ Müharibəsi 8 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin isə darmadağın olunması ilə sona çatdı. Noyabrın 8-də cənab Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın düşməndən azad edilməsi xəbərini böyük sevinc hissi ilə, qururla xalqımiza çatdırdı, beləliklə, məcburi köçkün həyatı yaşayan soydaşlarımızın 30 illik vətən, yurd həsrətinə son qoyuldu. Bu yolda minlərlə qəhrəman, fədakar, ölümdən belə qorxmayan oğullarımız vətən uğrunda, torpaq uğrunda canlarını fəda etdi, şəhid oldu, qazi oldu. Mədəniyyətimizin və ruhumuzun paytaxtı olan Şuşamız 28 ildən sonra öz doğmalarına qovuşdu, həsrətə son qoyuldu.
Daha sonra çıxışlar olmuş və tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının xatirəsinin yad edilməsi ilə davam etdirilmişdir.
Agentliyin kollektivi ilk öncə Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin məzarları ziyarət edilib, üstünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.