İştirakçılar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Sonra forum Naxçıvan Muxtar Respublika Xəstəxanasının akt zalında öz işinə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov bildirib ki, muxtar respublika səhiyyəsində son aylarda mühüm dəyişikliklər baş verib. Səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, tibb müəssisələrinə mütəxəssis həkimlər dəvət olunub, tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə onların qardaş Türkiyə Respublikasının səhiyyə ocaqlarına ixtisaslaşma kurslarına göndərilməsi üçün müqavilələr imzalanıb. Qeyd olunub ki, keçirilən təlimlər, elmi konfranslar buradakı tibbi heyətin müasir səhiyyə yenilikləri ilə yaxından tanış olmasına şərait yaradır.
Vurğulanıb ki, muxtar respublikada fəaliyyət göstərən 104 əczaxanada çalışanların 98 faizi ixtisasca əczaçıdır. Bu forumda onlar da iştirak edirlər.
“Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bunyatov bildirib ki, “Əczaçılar Klubu” İctimai Birliyi 2019-cu ildən fəaliyyətə başlayıb. Azərbaycanın 69 regionunda nümayəndəlik səviyyəsində təmsil olunur. Birlik Ulu Öndərin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirir. Bugünkü tədbir də onlardan biridir.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxışında bildirib ki, hazırda Naxçıvanda dərman vasitələrinin istehsalına lisenziya verilməsi üçün dövlət rüsumu 1125 manat, topdansatışına lisenziya verilməsi üçün 10 min manat, pərakəndə satışına lisenziya verilməsi üçün isə dövlət rüsumu 500 manatdır. Nazirlik tərəfindən, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, sahibkarlara lisenziyalar “ASAN xidmət” mərkəzi vasitəsilə təqdim edilir. Təkcə cari ilin ötən dövrü ərzində 57 lisenziya verilib ki, bunun da 28-i, yəni 49,1 faizi əczaçılıq fəaliyyəti sahəsində verilən lisenziyalardır.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov qeyd edib ki, yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı şəraitində burada fəaliyyət göstərmək istəyən bütün sahibkarlar öz işlərini qura bilərlər. Xidmətdə tətbiq edilən yeniliklər sahibkarların daha münbit şəkildə fəaliyyət göstərməsinə şərait yaradıb.
Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyinin sədri Günel Əliyeva çıxışında qeyd edib ki, ölkə başçısının Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq etdiyi Dövlət Proqramında prioritet istiqamətlər müəyyən olunub ki, bunlardan biri də səhiyyə sahəsi ilə bağlıdır. Naxçıvanda da özəl tibb müəssisələrinin açılmasına yaradılan şərait nəticəsində burada gələcəkdə fəaliyyət göstərəcək özəl xəstəxanalar insanların səhiyyə xidmətlərinə əlçatanlığını təmin edəcək.
Forumda çıxış edən “Asfarma” şirkətinin Azərbaycan ofisinin müdiri Baki Kaan Özgür Naxçıvana gəlməkdən məmnun olduqlarını bildirib. Qeyd edilib ki, bu dərman şirkəti MDB ölkələrində fəaliyyət göstərən aparıcı firmalardan biridir. Şirkət dünyanın bir sıra ölkələrində, həmçinin Türkiyədə istehsal olunan dərman və qida əlavələrinin marketinqi və satışı ilə məşğuldur.
Qeyd edək ki, çıxışlardan sonra panel müzakirələri keçirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.