Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir ilk olaraq Azərbaycan Respublikasının quruculuğunda və inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanılıb.
Çıxış edənlər Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edərək bildirmişlər ki, xalqımız 20 ildir ki, 12 dekabr tarixini - Ulu Öndər Heydər Əliyevin anım gününü böyük minnətdarlıq hissi ilə qeyd edir. Ümummilli Lider Heydər Əliyev tarix yaradan fenomen şəxsiyyətdir. Bu mənada, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti Azərbaycan xalqının mənəvi sərvətidir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşmüşdür. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Müdriklər deyir ki, Vətənə və xalqa həsr olunmuş ömür bitmir. Ümummilli Liderimizin də dediyi kimi “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”.
Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxmışlar.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti