...

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində maarifləndirici tədbir keçirilib

17.01.2024

2024-cü il 16 yanvar tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirib.  

Tədbiri məktəbin direktoru giriş sözü ilə açaraq, keçirilən tədbirin mahiyyətindən və əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş icbari tibbi sığortanın yenilənmiş “Xidmətlər Zərfi” haqqında ətraflı məlumat vermiş, tibbi xidmətin 2550-dən 3315-ə çatdırıldığını və bu xidmətlərin icbari tibbi sığorta tərəfindən qarşılandığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. V.Məmmədov bildirmişdir ki, ölkədə geniş yayılmış əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta hesabına aparılır. Həmin xidmətlərin sırasında sümük iliyi və ya hematopoetik kök hüceyrələrinin transplantasiyası, böyrək transplantasiyası və qaraciyər transplantasiyası, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskulyar əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, bud-çanaq və diz oynağının endoprotezləşdirilməsi, dirsək və çiyin oynaqlarının total dəyişdirilməsi və s. əməliyyatlar yer alır.

Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Təranə Babayeva təqdimatla çıxış edərək bildirib ki, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığorta olunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. T.Babayeva Agentliyin fəaliyyətinin məqsədləri, tibbi sığortadan kimlərin istifadə edə biləcəyi, xidmətlər zərfində dərman təminatı, arayışlar, tibbi xidmət almaq üçün hara müraciət ediləcəyi, ailə həkimi, ambulator və stasionar müayinə üçün qəbul qaydaları və gözləmə müddətinin tətbiqi şərtləri haqqında ətraflı məlumat verib.

Diskussiya xarakterli keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

 

                                                      Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi 

Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti