17 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktor vəzifəsinin müvəqqəti icraçısı Nurlana Rəsulova açaraq, keçirilən tədbirin mahiyyətindən və əhəmiyyətindən bəhs edib. Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsmayıl Səfərov sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolundan və əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən, xidmətlər zərfinin təkmilləşməsi, aparılan dəyişikliyin əhali və həkimlər üçün faydalarından danışmışdır.
İ.Səfərov bildirmişdir ki, Ümummilli liderin müəyyənləşdirdiyi strateji siyasət kursunu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Səhiyyə sahəsində aparılan siyasətin nəticəsidir ki, artıq vətəndaşlarımız yalnız şəxsiyyət vəsiqəsi ilə sığorta hadisəsi baş verdiyi zaman “Xidmətlər Zərfi” çərçivəsində istədiyi dövlət tibb müəssəsinə müraciət edərək tibbi xidmətlərdən ödənişsiz yararlana bilirlər. Naxçıvan Muxtar Respublikasında hazırda icbari tibbi sığorta mexanizmlərinin formalaşdırılması, tibb sahəsi üzrə kadr potensialının artırılması, tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, əhalinin tibbi xidmətlərə bərabər şərtlərlə əlçatanlığının artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra işlər həyata keçirilməkdədir.
Tədbir iştirakçılarına Agentliyin əməkdaşı Təranə Babayeva tərəfindən icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat verilmişdir.
Diskussiya ətrafında keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti