Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 18 yanvar 2024-cü il tarixdə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru açmışdır.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsmayıl Səfərov çıxış edərək bildirmişdir ki, ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə genişmiqyaslı quruculuq tədbirləri sırasında xəstəxana, poliklinika və ambulatoriyaların tikilməsi səhiyyə sahəsinə, ümumilikdə isə insan sağlamlığına verilən əhəmiyyətin əyani ifadəsidir. Bu gün Ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunmasını uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Sosial sahədə atılan mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiqi ölkədə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına, səhiyyə sisteminin dayanıqlı inkişafına, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi rifah halının yaxşılaşmasına xidmət edir.
İ.Səfərov tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, xidmətlər zərfinin davamlı olaraq yenilənməsi, tibbi xidmətlərin 2550-dən 3315-ǝ qədər artırılması, əlavə edilən yeni xidmətlər əvvəllər bu zərfə daxil olmayan müayinə, müalicə və əməliyyatların sayının artması tibbi xidmətlərin insanlar üçün əlçatan olmasına imkan yaradır.
Daha sonra Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
Diskussiya ətrafında keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.