...

Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində icbari tibbi sığortadan istifadə qaydaları mövzusunda maarifləndirici tədbir keçirilib

19.01.2024

İcbari tibbi sığorta haqqında maarifləndirici tədbirlər davam edir

 

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 19 yanvar 2024-cü il tarixdə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Telman Abbasquliyev açmışdır.

     Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsmayıl Səfərov çıxış edərək bildirmişdir ki, bu il Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi yaradılmasının 100 ilini qeyd edir. Bu illər ərzində ölkə başçısı cənab  İlham Əliyevin diqqət və qayğısı ilə  muxtar respublika səhiyyəsi böyük inkişaf yolu keçib, yeni və müasir xəstəxanalar, ambulatoriyalar inşa olunub. Səhiyyə sahəsində dayanıqlı inkişafı təmin etmək məqsədi ilə aparılan islahatlardan biri də ölkəmizdə icbari tibbi sığortanın tətbiqi olmuşdur. Bu gün bütün ölkədə tətbiq olunan icbari tibbi sığortanın məqsədi səhiyyə sisteminin maliyyələşdirilməsini yeni iqtisadi əsaslarla qurmaq, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını əlçatan etmək, ən əsası isə Azərbaycan vətəndaşının rifahını, sağlamlığını qorumaqdan ibarətdir.

Daha sonra Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.

Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi

Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti