İcbari tibbi sığortanın maarifləndirici tədbirləri davam edir
23 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Əbülfət Babayev açaraq, keçirilən tədbirin mahiyyətindən və əhəmiyyətindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov çıxış edərək bildirib ki, tibbi keyfiyyətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər arasında mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sahənin inkişafını, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsini, infrastrukturun yeniləşdirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Vüsal Məmmədov qeyd edib ki, həyata keçirilən səhiyyə islahatlarının ən mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiqidir. 2019-cu ildə Sədərək rayonunda, 2020-ci ildən isə bütün muxtar respublikada tətbiq olunan icbari tibbi sığorta ilə səhiyyə sahəsində şəffaflıq mühiti yaradılmış, göstərilən tibbi xidmətin keyfiyyəti artırılmış, əhalinin və tibb işçilərinin sosial müdafiəsi gücləndirilmişdir. Agentlik tərəfindən aparılan maarifləndirmə tədbirlərinin məqsədi əhalinin icbari tibbi sığortanın təminata aldığı tibbi xidmətlərdən istifadə qaydası, xidmətlər zərfi, tibb müəssisələrində sığortadan yararlanmaq, göndərişlərin verilməsi qaydası və digər bu kimi mövzular barədə məlumatlandırmaqdan ibarətdir.
Daha sonra Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti