15 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Babək Rayon Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbində "Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları" mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Murtuz Haqverdiyev açaraq, keçirilən tədbirin mahiyyətindən və əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsmayıl Səfərov 7 fevral 2024-cü il tarixdə növbədənkənar Prezident seçkilərində yenidən Prezident seçilən cənab İlham Əliyevə Azərbaycanın inkişafı istiqamətində bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, son illərdə Azərbaycanda səhiyyə yeni inkişaf mərhələsini yaşayır Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət almışdır. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühim tərkib hissəsidir. Bütün bu işlər əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasına, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunmasına xidmət edir.
İ.Səfərov agentliyin fəaliyyətinin əsas məqsədi, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların hüquqları və qanuni mənafeləri barədə danışmışdır.
Daha sonra Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti