...

İcbari tibbi sığortanın maarifləndirici tədbirləri davam edir, növbəti tədbir Babək Rayon Zeynəddin Kənd Uşaq Musiqi Məktəbində keçirilib

19.02.2024

        19 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Babək Rayon Zeynəddin Kənd Uşaq Musiqi Məktəbində "Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları" mövzusunda maarifləndirici tədbir keçirib. 
       Tədbiri giriş sözü ilə məktəbin direktor vəzifələrinin müvəqqəti əvəzedicisi İntizar Məmmədova açmışdır. Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsmayıl Səfərov çıxış edərək bildirib ki, respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdir. Bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. 
      Qeyd olunmuşdur ki, 2021-ci il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. İcbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.
Daha sonra Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
        Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi

Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti