20 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Babək Rayon Cəhri Qəsəbə Uşaq Musiqi Məktəbində "Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları" mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsmayıl Səfərov açaraq bildirib ki, icbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Vətəndaşlar tibb müəssisəsinə müraciət edərək "Xidmətlər Zərfi"ndə göstərilən 3315 sayda tibbi xidmətlərdən ödənişsiz yararlanmaq imkanı əldə edirlər. Aparılan maarifləndirmə tədbirləri çərçivəsində əhali icbari tibbi sığortanın təminata aldığı tibbi xidmətlərdən istifadə qaydası, xidmətlər zərfi, tibb müəssisələrində sığortadan yararlanmaq, göndərişlərin verilməsi qaydası və digər bu kimi mövzular barədə məlumatlandırılır.
Daha sonra Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti