İcbari tibbi sığortanın maarifləndirici tədbirləri davam edir.
21 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Babək Rayon Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbində "Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları" mövzusunda maarifləndirici tədbir keçirib.
Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsmayıl Səfərov “Tibbi sığorta haqqında” Qanundan, bu qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlardan, tibbi sığortanın forma və əsas prinsiplərindən danışıb. Qeyd olunmuşdur ki, tibbi xidmətlərin əlçatan olması xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, əlilliyin səbəb olduğu xəstəliklərin vaxtında aradan qaldırılmasına, nəticədə ölüm hallarının azalmasına xidmət edir. Ölkə üzrə tətbiq olunan icbari tibbi sığortanın məqsədi odur ki, maddi vəziyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız səhhətində yaranmış narahatlıqla bağlı tibbi yardım alsın, dövlətimizin qayğısını hiss etsin.
Daha sonra agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti