İlk baxışda çox sadə görünən qan təzyiqinin ölçülməsi, əslində həssas prosedurdur. Təzyiqi düzgün öyrənə bilmək üçün bir sıra qaydalara mütləq əməl edilməlidir.
Arterial təzyiqin ölçülməsi xüsusi cihaz-sfiqmomanometr və ya tonometrlə aparılır. Təzyiqi ölçməzdən 1 saat qabaq kofe və tünd çay qəbul etmək, siqaret çəkmək olmaz, yeməkdən yarım saat keçməlidir. Təzyiqi ölçməzdən 1 saat əvvəl burun və göz damcısını çıxmaq şərtilə digər dərmanların qəbulu dayandırılmalıdır. Əsəbi halda təzyiqi ölçmək düzgün deyil, onu yalnız sakitləşəndən 5 dəqiqə sonra etmək lazımdır. Ölçülməzdən əvvəl rahat oturaq vəziyyət seçilir, vacib olduqda uzanıqlı və ayaqüstü vəziyyətdə də proseduru aparmaq olar. Tonometrin manjet hissəsi dirsəkdən 2 santimetr yuxarı olmaqla bazu nahiyəsinə ürək səviyyəsində bağlanılır. Manjeti çox sıx bağlamaq lazım deyil. Daha sonra fonendoskopun başcığı dirsək çuxuruna yerləşdirilir. Nəbz itənə qədər balonla manjetə hava doldurularaq bazu arteriyası sıxılır. Bundan sonra ventil açılaraq yavaş-yavaş manjetin içərisindəki hava ilk nəbz vurğusunu eşidənə qədər buraxılır. Həmin andakı şkaladakı göstərici sistolik təzyiqin (qanın vurulmasının ən yüksək həddi), nəbzin itdiyi an isə diastolik təzyiqin (ürək damarlarının pauzalar arası yığılmasını bildirən ən aşağı həddi) göstəricisi olacaq.
Təkrar təzyiqölçmə proseduru 3-5 dəqiqədən sonra aparılır. Həmin proses zamanı kəskin hərəkət etmək və danışmaq olmaz. Arterial təzyiqi sağ qolda (solaxaylarda sol qolda) ölçmək düzgündür. Əgər şübhə yaranarsa, təzyiq hər iki qolda ölçülə bilər. Sağ və sol qollar arasındakı təzyiq fərqi 5-10 mm civə sütunu ola bilər. Arterial təzyiqi, onun yüksəlməsinə hər şübhə olduqda nəzarət üçün gündə 2 dəfə - səhər və axşam ölçmək məsləhətdir.