Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlcə Səhiyyə Nazirliyində yeni yaradılan “DƏSTƏK Mərkəzi” ilə tanış olub.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov məlumat verib ki, mərkəzə daxil olan müraciətlər səhiyyənin səlahiyyətli dövlət orqanları tərəfindən vahid mərkəzdən idarə ediləcək. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin və İcbari Tibbi Sığorta Agentliyinin təklif etdiyi xidmətlər əsasında fəaliyyət göstərən “DƏSTƏK Mərkəzi”nin gələcəkdə Şərur və Culfa Regional Tibb Mərkəzlərində də təşkil olunması planlaşdırılır.
Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “Çağrı Mərkəzi” ilə tanışlıq olub. Bildirilib ki, 2232 qaynar xətti ilə fəaliyyət göstərən mərkəzdə vətəndaş müraciətlərinə operativ və obyektiv şəkildə baxılacaq.
Aparılan səhiyyə islahatları nəticəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə 2 yeni xidməti avtomobil də verilib.
Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının foyesindəki Ulu Öndər Heydər Əliyevin xatirə guşəsinin önünə tər güllər qoyub.
Xidmətin təşkili ilə tanışlıq zamanı məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərəcək beynəlxalq akkreditasiyalı laboratoriya qurulur. Burada klinik laborator diaqnostikasının bütün sahələri üzrə keyfiyyətli və dəqiq xidmət göstəriləcək. Bununla da sakinlər muxtar respublikadan kənara çıxmadan yüksək səviyyəli laborator xidmətlərlə təmin olunacaqlar. 20-yə yaxın yeni iş yeri açılacaq və mütəxəssis həkimlər təcrübəli laborantların yetişdirilməsi üçün təlimlər keçəcəklər. Müxtəlif tibbi profilli təlimlərin keçirilməsi məqsədilə xəstəxanada 60 və 15 nəfərlik olmaqla müasir təchizatlı 11 təlim-treninq otağı yaradılıb.
Treninq otaqlarına torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin adları verilib.
Sonra Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaranmasının 100 illiyi münasibətilə tədbir öz işinə başlayıb.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, şərəfli və məsuliyyətli həkim peşəsindən bəhs edən “Ümid əllərinizdə” videoçarxı nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək tədbirdə iştirak edən qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Səlahiyyətli nümayəndə vurğulayıb ki, ötən ilin aprel ayından başlayaraq Naxçıvan səhiyyəsində islahatlara start verilib və bu yeniliklərin bəhrəsini görürük. Bu gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində “DƏSTƏK” və Çağrı mərkəzlərinin fəaliyyətə başlaması bu sahədə həyata keçiriləcək tədbirlərin başlanğıcıdır. Hədəflər və görüləcək işlər daha böyükdür. Bu hədəflərin hər biri “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilib.
Proqramda Naxçıvanın mühüm regional səhiyyə mərkəzinə çevrilməsi qarşıya əsas məqsədlərdən biri kimi qoyulub. Bunun üçün növbəti 3 il ərzində Naxçıvan səhiyyəsi tam müasir infrastrukturla təmin ediləcək, xidmətin keyfiyyəti artırılacaq. Qısa müddətdə Naxçıvan Muxtar Respublikasının bütün ərazisini əhatə edən sağlamlıq mərkəzləri yaradılacaq.
Fuad Nəcəfli səhiyyə işçilərinə çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, 2023-cü ildə muxtar respublikada 10-u uzman olmaqla, 60 həkim işlə təmin olunub, tibb işçilərinin əməkhaqqları dəfələrlə artıb. Həyata keçirilən ardıcıl və sistemli islahatların nəticəsi olaraq vətəndaş məmnunluğu və etibarına nail olunub. Bunun nəticəsidir ki, ötən il tibb müəssisələrinə 891 min 71 ambulator, 26 min 252 stasionar müraciət daxil olub. “Yüz il yaşa” humanitar aksiya çərçivəsində 7 rayon, 8 qəsəbə və 187 kənd yaşayış məntəqəsində 6 minə yaxın şəxs tibbi prosedurlara cəlb olunub.
Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yenilənmiş rəsmi vebsaytı təqdim olunub, Naxçıvan səhiyyəsindən və səhiyyə könüllülərinin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.
Tədbirdə digər çıxış edənlər Naxçıvanda səhiyyənin keçdiyi inkişaf yolundan bəhs edib, qazanılan nailiyyətlərdən danışıblar.
Sonda Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsində olan səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə xidmətin təşkilinin yaxşılaşdırılması məqsədilə aparılan yenidənqurma işləri barədə məlumat verilib.