2024-cü il 29 mart tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına tam orta məktəbdə "Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları" mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsmayıl Səfərov çıxış edərək bildirdi ki, ölkədə sosial sahədə həyata keçirilən islahatlar səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlər oldu. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunmuşdur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur. İcbari tibbi sığortanın “Xidmətlər Zərfi”nə 3315 müxtəlif tibbi xidmət daxildir. Xidmətlər Zərfi ilə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator və stasionar tibbi yardım üzrə xidmətlər, bir sıra cərrahi əməliyyatlar, habelə laboratoriya, fizioterapiya və invaziv radiologiya xidmətləri təminata alınıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Gülxatın Zeynalova tibbi sığortadan kimlərin istifadə edə biləcəyi, agentliyin fəaliyyətinin məqsədləri, tibbi sığorta haqları, tibbi xidmət almaq üçün hara müraciət edilməsi, ailə həkimi, ambulator və stasionar müayinə üçün qəbul qaydaları haqqında ətraflı məlumat vermişdir.
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti