...

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

04.04.2024

2024-cü il 4 aprel tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 12 nömrəli tam orta  məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə əvvəlcə icbari tibbi sığorta haqqında ümumi məlumat verilib, mahiyyət və əhəmiyyətindən danışılıb. Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Gülxatun Zeynalova təqdimat üzərində çıxış edərək icbari tibbi sığorta haqları, “Xidmətlər Zərfi”ndə yer alan tibbi xidmətlər, dövlət tibb müəssisələrində sığorta çərçivəsində tibbi xidmətdən istifadə etməyin qaydaları, agentliyin müqaviləsi olan tibb müəssisələrinin siyahısı və icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilmə qaydalarını izah edib. 
Görüşdə həmçinin sığortaolunanların hara müraciət etmələri, ailə həkimi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə təminat, ambulator müalicələr üçün qəbul qaydaları, stasionar müalicə üçün göndəriş qaydaları  və s. barədə də ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.