...

Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

17.04.2024

2024-cü il 16 aprel tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 1 nömrəli tam orta  məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Agentliyin şöbə müdiri İsmayıl Səfərov çıxış edərək bildirib ki, icbari tibbi sığorta təkcə insanların pulsuz və keyfiyyətli tibbi yardım alması və səhiyyə sahəsində əlçatanlığı təmin etmək deyil, həm də səhiyyənin müasir dövrün tələblərinə, yeni çağırışlara uyğun yeni effektiv idarəetmə sisteminin tətbiqidir. 8 il öncə Sədərək rayonunda pilot layihə şəklində həyata keçirilməyə başlayan icbari tibbi sığorta hazırda muxtar respublikanın bütün ərazisində tətbiq olunur. Ötən müddətdə bu sahədə çox ciddi uğurlara imza atılıb. Belə ki, icbari tibbi sığortanın tətbiqi və bu istiqamətdə yaradılan strukturların fəaliyyəti nəticəsində, təkcə insanların keyfiyyətli tibbi xidmət alması baxımından deyil, eyni zamanda müasir tipli və standartlara cavab verən sağlamlıq ocaqlarının yaradılması, onların ən yeni lazımi tibbi avadanlıqla və yüksəkixtisaslı tibb personalı ilə təmin olunması baxımından da, öz müsbət nəticəsini verməkdədir. 

Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Gülxatın Zeynalova tibbi sığortadan kimlərin istifadə edə biləcəyi, agentliyin fəaliyyətinin məqsədləri, tibbi sığorta haqları, tibbi xidmət almaq üçün hara müraciət edilməsi, ailə həkimi, ambulator və stasionar müayinə üçün qəbul qaydaları haqqında ətraflı məlumat vermişdir.

    Diskussiya xarakterli keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.