...

6 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

30.04.2024

2024-cü il 30 aprel tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 6 nömrəli tam orta  məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Agentliyin şöbə müdiri İsmayıl Səfərov çıxış edərək bildirib ki, Ölkə başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. İcbari tibbi sığortanın bütün ölkədə tətbiqi, yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən-günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur.

Qeyd olunmuşdur ki, maarifləndirici tədbirlərin keçirilməsində məqsəd icbari tibbi sığorta sistemi və onun üstünlükləri, xidmətlər barədə iştirakçıları məlumatlandırmaqdır. Görüşlər zamanı sığortaolunanlara hara müraciət etmələri, ailə həkimi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə təminat, ambulator müalicələr üçün qəbul qaydaları, stasionar müalicə üçün göndəriş qaydaları  və s. barədə ətraflı məlumat verilir.

Daha sonra Agentliyin əməkdaşı Gülxatun Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir. 

Diskussiya xarakterli keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.