2024-cü il 30 may tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Agentliyin şöbə müdiri İsmayıl Səfərov bildirib ki, dövlət qayğısının, həyata keçirilən islahatların, ayrı-ayrı proqramların nəticəsi olaraq respublikamızın səhiyyə sistemində son dövrlərdə mühüm dəyişikliklər baş vermiş, müasir tibb mərkəzləri yaradılmış, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti daha da yüksəlmişdir. Bütün bunlar ilk növbədə belə bir həqiqətin təsdiqidir ki, əhalinin sağlamlığının qorunması, tibbi təminatın hər kəs üçün əlçatan olması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritet istiqamətlərini təşkil edir və dövlət bu məsələdə həmişə vətəndaşının yanındadır.
Qeyd olunmuşdur ki, Agentliyin fəaliyyətinin məqsədləri əhalini icbari tibbi sığortaya cəlb etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir.
Agentliyin əməkdaşı Gülxatun Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.
Çıxışlardan sonra qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.